Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABDF) biznes kreditləri üzrə təminat və faiz subsidiyası mexanizmlərində funksionallığı və əhatə dairəsi artırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 iyun 2026-cı il tarixində imzaladığı Fərmana uyğun olaraq, regionlarda fəaliyyət göstərən sahibkarlara verilən biznes kreditləri üzrə dövlət təminatı və faiz subsidiyası birbaşa ABDF tərəfindən təqdim ediləcək.
Dəyişikliklərə uyğun olaraq, dövlət zəmanətinin tətbiq sahəsi də artırılıb. Belə ki, işğaldan azad edilmiş ərazilərdə kreditlərin 90%-dək hissəsinə zəmanət verilməsi saxlanılmaqla, digər regionlarda da kreditlər üzrə əsas borcun 50%-dək hissəsi ABDF tərəfindən dövlət zəmanəti ilə əhatə olunacaq.
Eyni zamanda, kreditlər üzrə maksimum illik faiz dərəcəsi 15%-dən 13%-ə endirilib və sahibkarlara kredit faizlərinin 50%-i həcmində subsidiya təqdim ediləcək. Bu dəstək mexanizmi isə 36 ayadək müddəti əhatə edəcək.
Mexanizm ilkin mərhələdə 2030-cu il dekabrın 31-dək Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, ölkənin bütün regionlarında tətbiq olunacaq.
Qeyd edək ki, ABDF 2024-cü ilin fevral ayından etibarən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dövlət zəmanəti və faiz subsidiyası təqdim edir. Yaxın zamanda bu mexanizmin tətbiqi qaydaları və iş prinsipi barədə daha ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq.