XƏBƏRLƏR ƏLAQƏ

ABDF və SACE arasında əməkdaşlıq sazişi imzalanıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABDF) ilə İtaliyanın Dövlət İxrac-Kredit Agentliyi (SACE) arasında əməkdaşlıq sazişi imzalanıb. Saziş Azərbaycan şirkətlərinin İtaliya istehsalı olan avadanlıqlara, texnologiyalara, xidmətlərə və nou-hauya çıxışını asanlaşdırmaq məqsədilə maliyyə həllərinin sadələşdirilməsini nəzərdə tutur.

Sənədi İtaliyada ABDF-in İdarə Heyətinin sədri Ülvi Mansurov və SACE-nin icraçı direktoru Mikele Pinotti imzalayıblar.

Əldə olunan razılaşma çərçivəsində İtaliya ixracatçılarının, təchizatçılarının, podratçılarının, texnoloji tərəfdaşlarının və maliyyə institutlarının cəlb edilməsi ilə yeni investisiya layihələrinin həyata keçirilməsinin dəstəklənməsi nəzərdə tutulur.

Tərəfdaşlıq çərçivəsində ABDF və SACE ixrac kreditləşməsi, zəmanət mexanizmləri, sığorta və digər maliyyə alətləri üzrə əməkdaşlığı genişləndirməyi planlaşdırır. Bu istiqamətdə SACE-nin mövcud maliyyə alətlərindən daha geniş və əlçatan şəkildə istifadə imkanlarının yaradılması əsas prioritetlərdəndir.

Bununla yanaşı, tərəflər Azərbaycan və İtaliya şirkətləri, banklar və yerli qurumlar arasında yeni əlaqələrin qurulmasına, biznes tərəfdaşlarının müəyyənləşdirilməsinə və birgə təşəbbüslərin təşviqinə yönəlmiş tədbirlərin təşkilini nəzərdə tutur.

Bu əməkdaşlıq Azərbaycan sahibkarlarının beynəlxalq texnologiya və təcrübəyə çıxışını genişləndirərək ölkədə dayanıqlı iqtisadi inkişafın və qeyri-neft sektorunun gücləndirilməsinə töhfə verəcəkdir.